Böyrəklərin əsas funksiyasının qanı süzərək orqanizmi  lazımsız maddələrdən azad etmə olması hamıya  məlumdur. Süzmə funksiyası nefron adlanan kiçik  “filtr”lər  vasitəsilə həyata keçirilir. Nefronların iltihabı isə glomerulonefrit adlanır.  Glomerulonefrit,sərbəst inkişaf edirsə birincili,lupus və ya şəkərli diabet fonunda inkişaf edərsə ikincili glomerulonefrit adlanır. Xəstəliyin yaranmasına səbəb, ürək qapaqlarındakı infeksiyalar, virus infeksiyaları, nadir halda streptokokk mənşəli dəri və boğaz infeksiyaları, toksik faktorlar, müxtəlif mənşəli sistem xəstəlikləri, böyrəkləri də əhatə edən irsi sindromlar ola bilər. Xəstəliyin əlamətlərindən aşağıdakıları saymaq olar:

  • Yüksək arterial təzyiq
  • Sidiyin çəhrayı və ya qəhvəyi rəngdə olması(Bu hal,sidikdə qanın olması ilə əlaqədardır)
  • Köpüklü sidik(sidikdə zülalın olmasının göstəricisidir)
  • Ümumi halsızlıq
  • Ödəm
  • Sutkalıq sidiyin həcminin azalması

Vaxtında müalicə olmadıqda, glomerulonefrit, böyrəklərin süzmə qabiliyyətinin zəifləməsinə və ya tamamilə itməsinə səbəb olur. Bu isə öz növbəsində orqanizmdəki lazımsız maddə, elektrolit və mayenin təhlükəli həddə çatması ilə nəticələnərək, kəskin və ya xroniki böyrək çatışmazlığı ,hipertoniya, nefrotik sindrom kimi xəstəliklərə yol açır.

Rəy bildir